KASSA METODU İLƏ GƏLİRİN VƏ XƏRCİN UÇOTU QAYDASI


kassa-metodu-ile-gelirin-ve-xercin-ucotu-qaydasi

Kassa metodu ilə gəlirin və xərcin uçotu qaydası

 

Vergi Məcəlləsi Maddə: 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

         130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan galir Vergi Məcəlləsinin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır.

        130.4. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.

        130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.

       Maddə 131 . Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

      Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, gəlirin əldə edilməsi vaxtı gəlirin faktiki əldə edildiyi vaxt sayılır. Yəni nağd ödəmədə vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı isə xərcin faktiki çəkildiyi vaxt sayılır. Yəni nağd ödəmədə vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır.

Misal 1.  Vergi ödəyicisi uçotunu kassa metodu ilə aparır və 30 mart cari il tarixdə 20.000 manat dəyərində malı müqavilə əsasında sifarişçiyə göndərmişdir. Sifarişçinin bu mala görə ödədiyi məbləğ 4 aprel tarixdə mal göndərənin bank hesabına daxil olmuşdur.Bu halda gəlirin əldə edildiyi vaxt 4 aprel cari il olur.